Hörmətli həmkarlar,
20-21 İyun 2026-cı il tarixlərində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq “Xəzər Görüşləri 6” beynəlxalq elmi-praktik konfransı öncəsi Sizə müraciət edərək bir neçə mühüm məqamı diqqətinizə çatdırmaq istəyirəm.
Bu tədbirin əsası mərhum professor İsmayıl Abbasovun əziz xatirəsinə həsr olunaraq, yerli qastroenteroloji ictimaiyyət üçün kiçikmiqyaslı elmi konfrans formatında qoyulmuşdur. Zamanla bu təşəbbüs, iştirakçıların elmi marağı və cəmiyyətimizin dəstəyi nəticəsində genişlənərək, artıq beynəlxalq səviyyəli bir elmi platformaya çevrilmişdir. Fəxr edirik ki, builki görüşlərdə Türkiyə, Avropa və Amerika Birləşmiş Ştatları da daxil olmaqla müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislər iştirak edəcəkdir. Bu konfransın əsas məqsədi dünya qastroenterologiyasındakı ən son yenilikləri yerli həkimlərlə paylaşmaq və müasir trendləri müzakirə etmək üçün innovativ elmi mühit formalaşdırmaqdır.
Təqdirəlayiq haldır ki, hər il ABŞ-da keçirilən ən nüfuzlu qastroenteroloji tədbirlərdən biri olan DDW (Digestive Disease Week) konfransından dərhal sonra, orada təqdim olunan ən mühüm mövzuların Bakı platformasında müzakirəsinə şərait yaranacaq. Bu isə həm elmi baxımdan çeviklik, həm də yerli mütəxəssislərimizin qlobal təcrübəyə daha sürətli inteqrasiyası baxımından müstəsna əhəmiyyət kəsb edir.
Əminəm ki, “Xəzər Görüşləri 6” bir daha sübut edəcək ki, Azərbaycan regionda elmi dialoq və təcrübə mübadiləsi üçün mühüm mərkəzə çevrilməkdədir.
Cəmiyyət üzvlərinə ödənişsizdir, cəmiyyət üzvi olmayanlara qeydiyyat ödənişlidir!
Fairmont Baku - Flame Towers
M.Hüseyn, 1A,Bakı, Azərbaycan